AZƏrbaycanşÜnasliğIN

Вид материалаДокументы

Содержание


Qloballaşma və milli dilə münasibət məsələsi
İnformasiya axini dövründə azərbaycan dilindən ingilis dilinə tərcümənin əsas prinsipləri
Подобный материал:
1   ...   45   46   47   48   49   50   51   52   ...   69

ƏDƏBİYYAT
  1. Azərbaycan dilinin izahlı lüğəti. II cild, Bakı, “Çıraq”, 1999, 412 s.
  2. Azərbaycan dilinin izahlı lüğəti. I cild, Bakı, “Çıraq”,1997, 452 s.
  3. Azərbaycan dilinin izahlı lüğəti. III cild, Bakı, “Çıraq”, 2000, 416 s.
  4. Azərbaycan klassik ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti/Tərtib edənlər A.M.Babayev və C.B.İsmayılzadə /Rəmzi/, Bakı, Maarif, 1981, 280 s.
  5. Rüstəmova T.R. Fars dilindən alınmış bəzi sözlərin semantik xüsusiyyətləri haqqında. «Azərbaycan dili və ədəbiyyat tədrisi», j., 1981, №4, s.15-20.



РЕЗЮМЕ

Статья посвящена изучению заимствований из персидского языка в современной лингвистике. В работе рассматриваются особенности слов персидско-арабского происхождения, употребляемых в классической, азербайджанской литературы, дается анализ фонетических особенностей фарсизмов в азербайджанском языке.


SUMMARY

Given article is devoted to the words transferred from the Persian language into the Azerbaijani language. In this article, the phonetic features of Persian words used in our language are analyzed and the specific features of Persian-Arabian words used in modern Azerbaijani language, especially in our classic literary language are researched.


Miriyev Akif


QLOBALLAŞMA VƏ MİLLİ DİLƏ MÜNASİBƏT MƏSƏLƏSİ


Dilin insan cəmiyyətinin inkişafındakı rolunun əhəmiyyətindən geniş danışmağa lüzum görmürəm, əslində elə cəmiyyətin özü bu ilahi varlığın – dilin məhsuludur; insan şüuru yalnız dilin əsasında meydana gəlmiş, get-gedə təkmilləşmişdir. Dil təkcə fikir ifadəçisi, ünsiyyət vasitəsi deyil, milliliyin birinci əlamətidir. Ona görə də rus istilası başlayandan – XIX əsrin əvvəllərindən dil ümummilli məsələlərdə aparıcı mövqedə dayanmışdır. A.Bakıxanov, M.F.Axundzadə, H.Zərdabi kimi mütəfəkkir ziyalıların fəaliyyətində ana dili, onun tətbiqi milli özünəməxsusluğun, əxlaqi-mənəvi dəyərlərin, ictimai-sosial gerçəkliyin tənzimləyici qüvvəsi kimi dərk edilirdi.

Zaman keçdikcə insan təkcə bir dillə - ana dili ilə kifayətlənməyib, o, başqa

dilləri də öyrənmək məcburiyyətində qalıb. Dünyanın qloballaşmaya olan indiki ehtiyacı dilöyrənmə problemini çox ciddi şəkildə ortaya qoyub; müasir tələblərə cavab vermək istəyirsənsə, hamının (çoxluğun) ünsiyyət yaratdığı dil(lər)i də öyrənməyə məhkumsan (SSRİ adlanan imperiyada bizim məkanda rus dilini bilmək kifayət edirdi, indi daha geniş fəaliyət göstərmək üçün əlavə ingilis (əsas), fransız, alman, ərəb... dillərinə də yiyələnməliyik). Ana dilindən əlavə 1-2, hətta çox dili bilmək həvəs deyil, ehtiyacdır, özü də mütləq ehtiyac. İnformasiya texnologiyalarının inkişafının, internet şəbəkəsinin genişlənməsinin müasir şəxsiyyətin formalaşmasında aparıcı mövqeyə çıxması ilə yanaşı, o, həm də vətəndaşın texniki biliyinin də artmasını şərtləndirən amillərdəndir (Adicə bir mobil telefonu yetərincə işlətmək üçün nə qədər vərdişə yiyələnməli, nə qədər yaddaş “məşqi” etməlisən). Bütün bunların uğurlu həllində yenə çox dil bilmək, heç olmasa, onlarla müəyyən qədər tanış olmaq dayanır.

Beləliklə, dil yenə də əsasdır, vacibdir, labüddür və bu zaman artıq “ikinci dərəcəli” olmaq, necə deyərlər, “oyundan kənar” vəziyyətə düşmək qorxusu ilə üzləşən əzizimiz Ana dilimiz yada düşür. Məncə, dünyanın əksər dillərinin, o cümlədən, bizim doğma dilimizin taleyi indi həmişəkindən daha çox qayğıya ehtiyacı olan durumdadır; bu dil(lər)in coğrafiyası məhduddur, elmi, iqtisadi, dini, mədəni, mənəvi, siyasi... münasibətlər isə geniş meydan, çoxtərəfli əlaqələr tələb edir. Ona görə insanlar xarici dilləri öyrənməyə birinci dərəcəli iş kimi baxırlar. Müşahidələr göstərir ki, uşaqlarını bir vaxt rus məktəbindən çıxarıb Azərbaycan məktəbinə verən valideynlər indi nəvələrinin rus, bəzən də ingilis dilli məktəblərdə, ən yaxşı halda isə türk litseylərində oxumalarına üstünlük verirlər. Avropada geniş vüsət alan təhsildə kredit sisteminin ölkəmizdə də tətbiqinin sürətləndirilməsi də onu göstərir ki, bizim tələbələrimizin xarici universitetlərdə oxumaq imkanları getdikcə genişlənəcək, bunun üçün də həmin təhsil ocaqlarının dilini öyrənmək məqsəd kimi qarşıda durur. Bəs belə olanda biz öz milli dilimizi, onunla bərabər milli əxlaq, milli dəyər və milli təfəkkür tərzimizi necə qorumalıyıq?! (Mən “azərbaycançılıq” deyəndə yadıma birincı ana dilimiz düşür!). Əlbəttə, burda dövlət birinci dərəcəli rola malikdir. Ölkədə elə dil siyasəti yeridilməlidir ki, insanlar birinci dövlət dili olmaqla çoxdillilik vərdişlərinə yiyələnsinlər. Bunun üçün bizdə həm əməli, həm də nəzəri bünövrə var: 1) dilimizin 90 illik ikinci dil kimi tədrisi ənənələri (BDU-nun yaranmasından bəri); 2) mərhum ümummilli liderimiz Heydər Əliyevin şəxsi nümunəsi və 2001-ci ildə imzaladığı sərəncam; 3) həmin sərəncama uyğun olaraq 2003-cü ildən qüvvədə olan “Dövlət dili” haqqında qanun. Burada həmin məlum sərəncamdan sonra yaradılmış çox hörmət və nüfuz sahibi olan şəxslərin daxil olduqları “Dil komissiyası”nın işini də yada salmaq lazım gəlir.

Deyilənlərdən belə çıxır ki, qeyd-şərtsiz olaraq indiki vəziyyətdə dövlət dilinin inkişafını və tətbiqini nəzarətsiz qoymaq olmaz. Bunu hələ 20 ili tamam olmamış milli müstəqilliyimiz dövründə müşahidə etdiyimiz “yeniliklər”lə də əsaslandırmaq olar; bu illər ərzində dilimiz, adət-ənənələrimiz... kimi özünəməxsusluğumuzu əks etdirən dəyərlərimizə laqeydlik, qayğısızlıq, bəzən kobud etinasızlığa aid nə qədər nümunələr gətirə bilərik: ədəbi dilimizə yerli-yersiz əcnəbi sözlər daxil edilir, şəhərimizin “dil” görkəmi gözümüz baxa-baxa “ingilisləşir”, “fransızlaşır”, “türkləşir”..., qəzetlərdə, özəl nəşriyyatların “məhsullar”ında, televiziyalarda dilimizə, sözün həqiqi mənasında, qəsd edilir, ən müqəddəs adətlərimiz gülünc vəziyyətə salındığı kimi, ən sabit ifadələrimizə “düzəlişlər” edilir (məs.: “hər vaxtınız xeyir” əvəzinə, “hər vaxtınız xeyirli (?) olsun (?)”). “Bank of Baku”, “Bank standart”, “Bank of Azərbaycan”, “Space”, “ANS”, “Monte Kristo”, “Oazis”, “Şəhri-Şuşa”... kimi özəl şirkət, şadlıq sarayı adlarına necə haqq qazandırmaq olar?! Ən təəssüf hissi doğuran “yenilik”lərdən biri də budur ki, əsrlərdən bəri işlətdiyimiz milli valyutamızın adı “manat” “AZN”ə çevrilib. (Bu, beynəlxalq əlaqələrə çıxmağımızın bizə etdiyi ən “balaca” təsirlərdən biridir).

Yeni yaranan banklara, assosiasiyalara, müxtəlif istiqamətli şirkətlərə, şadlıq evlərinə... əcnəbi adların verilməsinə, bəlkə də, hardasa haqq qazandırmaq olar, ancaq qayəsində azərbaycançılıq ideyalarının təbliği, vətəndaşlarımıza mənəvi zənginlik hisslərinin aşılanması və bunun üçün ana dilimizi, sözün həqiqi mənasında, təsir etmək silahına çevirmək duran televiziya şirkətinin özünə xarici dildə ad verməsinə heç cür haqq qazandıra bilmirəm (ANS, “Space”, “Lider”). Yaxud Azərbaycanda yüksək keyfiyyətlə istehsal olunduğu vurğulanan meyvə şirəsinin adının xaricə göndəriləndə əcnəbi dildə olmasına nə ad vermək olar? (“Zolotoy sad”). Bunu hansı vətənpərvər istehsalçı edər? (Yaxın qonşularımızdan niyə nümunə götürmürük?!). “Vətən hardan başlayır? sualını tez-tez eşidirik. Vətən elə bizə verilən və biz verdiyimiz addan, soyadımızın tərkibindəki dil vahidlərinin mənşəyindən başlamırmı?! Bu yaxınlarda özünü ictimai xadim adlandıran bir nəfər jurnalistlə söhbətində deyir ki, “mən soyadımı dəyişməyəcəyəm, qoy məni buna görə tutsunlar”. Məncə, bu adam soyadın sonluğunun hansı milli-etnik əhəmiyyət daşıdığını bilmir. (O, ümumiyyətlə, milli adlarımızla bağlı məlumata malik deyil). Soyad, çox hallarda, şəxsin milli mənsubiyyəti haqqında təxmini də olsa, ilkin təsəvvür yaradır. Müqayisə edin: Şahnəzərov – Şahnəzəryan – Şahnəzərli; Şirvanzadə - Şirvanski – Şirvanlı//Şirvansoy//Şirvanoğlu//qızı; Balayev – Balayan – Balasoy və s.

Bütün bunların qarşısını almaq, heç olmasa, azaltmaq üçün ulu öndərimizin imzaladığı sərəncama, Dövlət dili haqqında Qanuna əməl edilməlidir. (Bir az da azərbaycançılığımız olmalıdır). Keçən ilin noyabrında ölkə başçısı İlham Əliyev BDU-nun 90 illik yubileyindəki çıxışında milli dəyərlərimizin qorunması, inkişaf etdirilməsi məsələlərinə diqqət çəkmiş, çox vacib göstərişlər vermişdir. Həmin göstərişlərə uyğun olaraq prezident administrasiyasının rəhbəri akad. R.Mehdiyevin elm və təhsil işçiləri ilə apardığı müşavirə, onun məlum məruzəsi bizdə gələcəyə inam hissini gücləndirir. Bu işdə ziyalılar, dilçi alimlər də çox fəal mövqe tutmalıdırlar. Dediklərimizin yekunu olaraq hər sahədə “qərbləşmənin”, “avropalaşmanın”, əslində özünəməxsus beynəlminəlləşmənin (bunun acısını çox çəkmişik, çəkirik də...), indiki dildə desək, qloballaşmanın sərt təsirini mülayimləşdirmək üçün aşağıdakıların həyata keçirilməsini vacib sayırıq:

    1. Orta və ali məktəblərdə (həm milli, həm də qeyri bölmələrdə) Azərbaycan dilinin tədrisində kəmiyyət və keyfiyyətcə müsbət dəyişikliklər edilməlidir;
  1. Ali məktəblərə qəbul zamanı bütün ixtisas qruplarında ədəbiyyatdan da suallar salınmalıdır. (Dövlətə təkcə yüksək ixtisaslı şəxs yox, həm də yüksək səviyyəli vətəndaş – şəxsiyyət lazımdır);
  2. Senzura demirəm, ancaq yazmaq, danışmaq, nəşr etmək, yayımlamaq... işi ilə məşğul olanların filoloji təhsilli olmalarına ciddi nəzarət edilməlidir;
  3. Hər hansı ad verilməsi zamanı (onların çoxu Ədliyyə Nazirliyində qeydiyyatdan keçir) millilik nəzərə alınmalıdır;
  4. Ölkənin, xüsusən şəhərimizin “dil” mənzərəsi mütləq təshih edilməlidir...



ƏDƏBİYYAT
  1. Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanı. “Xalq qəzeti”, 19 iyun 2001-ci il.
  2. Azərbaycan Respublikasında dövlət dili haqqında Azərbaycan Respublikasının Qanunu. “Xalq qəzeti”, 4 yanvar 2003-cü il.



РЕЗЮМЕ

В докладе отмечается место национальных, в том числе азербайджанского, языков, которые не употребляются в широком масштабе, как, к примеру, английский или русский, на этапе глобализации, подчеркивается их общественное значение, указывается факторы которые обсловливает их употребления, бережного отношения к ним и создания условий для дальнейшего их развития.


RESUME

The report mentions six national languages, Azerbaijan among them that are not widely used at this stage of qlobalization like Engilish or Russian. The paper underlines public importance of these languages and points to specific factors that condition their usage, cautious approach towards these languages, and establishment of frameworks for their further development.


Muradova Mehriban


İNFORMASİYA AXINI DÖVRÜNDƏ AZƏRBAYCAN DİLİNDƏN İNGİLİS DİLİNƏ TƏRCÜMƏNİN ƏSAS PRİNSİPLƏRİ


XXI əsr bəşəriyyətin informasiya aləmi qarşısında yeni vəzifələr qoyur. Bu vəzifələrdən biri, heç şübhəsiz, kütləvi informasiyanın ötürülməsində tərcümənin rolunun artması ilə bağ­lıdır. Bu gün tərcümə əlaqələri demək olar ki, insan fəaliyyətinin bütün sahələrini əhatə edir.

İnformasiya axını qarşısında sərhəd acizdir, informasiya üçün nə vaxt, nə də meydan məhdudiyyəti yoxdur. Müasir dünyanın siması rəngarəng, nəhayətsiz, xəbərləri kütləvi informasiya vasitələri ilə yayılır və dünya xalqlarına bu və ya digər səviyyədə çatdırılır. Bu prosesdə çoxsaylı insanlar – jurnalistlər, şərhçilər, müxbirlər, tərcüməçilər, operatorlar və s. iştirak edirlər. Buna görə də tərcüməçilik fəaliyyətinin əhəmiyyəti günbəgün artır və bununla yanaşı, tərcümə problemləri də yaranır. Belə dil problemlərinin kəskinləşməsi onun həlli yollarını araşdırmaq zərurətini də meydana çıxarır. Əvvəllər tərcümə fəaliyyətinə müəyyən mənada bədii ədəbiyyatın tərcüməsi kimi yanaşırdılar, lakin indi, göründüyü kimi tərcümə fəaliyyəti daha geniş sahələri əhatə edir.

Tərcümənin həm sosial əhəmiyyəti, həm də həcmi artmaqdadır. Təsadüfi deyil ki, siyasi, iqtisadi, texniki, hüquqi və s. kimi elmərə aid olan mətnlərdə termin-söz və ifadələrin tərcüməsi onun sosial dəyərini bir qədər də artırır.

Bu günkü reallıqlar bizi dövri mətbuatda, reklam-informasiya materiallarında işlənən ingilis sözlərinin, terminlərin və ifadələrin tərcüməsinə daha diqqətlə və dəqiqliklə yanaşmağa məcbur edir.

İngilis mənşəli, ingilisdilli termin-sözlərin tərcüməsi zamanı tərcüməçi sözlərin mən­şəyini, məna yükünü, onun ingilis dilindəki sinonimlərini və işlənmə məqsədini dəqiqləş­dirdikdən sonra Azərbaycan dilində uyğun ekvivalentini verməlidir. Belə bir ümumi fikir mövcuddur ki, tərcümə zamanı tərcüməçi aşağıdakıları nəzərə almalıdır:

- sözün və ya ifadənin cümlədəki məqsədini;

- tələbatçının xüsusiyyətini;

- əslində (orijinalda) ifadə olunan sözün və yaxud ifadənin linqvistik xüsusiyyətini.

Bəs tərcümənin adekvat olmasını təmin etmək üçün hansı prinsiplər əsas götü­rül­mə­lidir? Ümumiyyətlə, tərcümə özü hansı tələbatı ödəyir? Yəni, tərcümə fəaliyyəti hansı tələ­bat­dan doğur? Tədqiqatda qoyulan məsələ, yəni – yeni termin-söz və ifadələrin tərcümə olunması lazımdırmı? Yeni alınmalarla neologizmlərin fərqi nədir? Bu barədə tərcüməçilər, tədqiqatçı-alimlər nə düşünürlər? Tərcüməşünaslıqda ekvivalenti olmayan leksikanın dildə verilməsinin hansı üsulları mövcuddur? Kalka nədir və onun tərcümə ilə oxşar və fərqli cəhətləri han­sılardır?

Yeni termin-sözlərin tərcüməsi prosesi üçün səciyyəvi hesab etdiyimz bu məsələlərə dilçilik ədəbiyyatlarında birmənalı münasibət yoxdur. Tədqiqatımızla birbaşa bağlı olduğu üçün qeyd etdiyimiz məsələlərə aydınlıq gətirmək yerinə düşər.

Nəzərə çatdıraq ki, öz fəaliyyəti zamanı hər hansı bir tərcüməçi öz fəaliyyəti ilə şəxsi motivlərə xidmət etmir, sosial sifarişin ondan tələb etdiyi, cəmiyyətin sifariş etdiyi motiv­lə hərəkət edir. Rus dilçi alimi A.F.Şiryayevin fikrincə, tərcüməçi öz fəaliyyəti zamanı şəxsi motivə söykənən tələbatdan çıxış etmir, əksinə onun fəaliyyəti sosial xarakterlidir.

Məlumdur ki, tərcümə insan fəaliyyətinin qədim bir növüdür. İnsan cəmiyyəti təşəkkül tapandan və insanlar arasında dil müxtəlifliyi yaranandan tərcümə və yaxud tərcüməçilik fəaliyyəti də meydana gəlmişdir.

Tərcümə xalqların və ölkələrin tarixi inkişafında, mədəniyyətlərin və dillərin tərəqqisində həmişə vacib rol oynamışdır. Bizim əsrdə də tərcümə xidmətlərindən istifadə olunur və bu gün tərcümə demək olar ki, insanları, onların mədəniy­yətlərini, iqtisadi və sosial həyatlarını yaxınlaşdıran dil ünsiyyəti vasitələrindən biri kimi daha önəmli olmuşdur. Tərcümə həm də ölkələr və dövlətlər arasında beynəlxalq əməkdaşlıq vasitəsi kimi çıxış edir.

Qeyd etdiyimiz kimi, tərcümə fəaliyyəti xüsusilə ötən əsrin sonlarında və iyirmi birinci əsrin əvvəllərində dünyada baş verən ictimai-siyasi dəyişikliklər­dən sonra daha da aktuallaşmış, ona qarşı tələbat çoxalmışdır. Elmi-texniki tərəqqinin həyatın müxtəlif sahələrinə güclü təsir etdiyi bir dövrdə elm, mədəniyyət, texnika sahəsində beynəlxalq əməkdaşlıq da güclənmişdir. Dünyada baş verən misilsiz dəyişikliklər ölkələr və yeni dövlətlər arasında görünməmiş əlaqələrin, müxtəlif dilli cəmiyyət və xalqların bir-biri ilə münasibətlərinin inkişafına güclü təkan vermişdir. Belə bir şəraitdə tərcümənin rolunun artmasını görməmək mümkün deyil. Məhz bu baxımdan tərcümə xalqların və dövlətlərin iqtisadi, siyasi-ictimai, elmi, mədəni-kütləvi və s. münasibətlərinin tərəqqisinə xidmət göstərən bir vasitəyə çevrilmişdir.

Məşhur tərcüməçi A.D.Şveytser tərcüməni dillər və mədəniyyətlər arasındakı kommunikasiyada bir istiqamətli və ikifazalı proses adlandırır və bu prosesdə tərcümə nəticəsində ilkin mətndən ikinci mətn doğulur. Həmin ikinci mətn birinci mətni və yaxud sözü əvəz edir. Belə bir ümumiləşdirici fikir vardır: tərcümə eyni dildə danışmayan insanlar arasında ünsiyyət yaratmaq tələbatından doğur. Deyilənləri ümumiləşdirsək, tərcümənin kompleks proses olması qənaətinə gəlmiş olarıq.

Bizim fikrimizcə, əsildə (orijinalda) olan fikrin düzgün və dəqiq verilməsi və ya ötürülməsi zamanı təkcə sözün və ya ifadənin qarşılıqlı variantını tapmaq kifayət deyildir. Burada tərcüməçi həm də həmin söz və ifadələrin qrammatik, orfoqrafik, fonetik, qrafik, leksik-semantik əlamətlərinə diqqət yetirməli, mənbə dilin üslubi xüsusiyyətlərini də nəzərə alınmalıdır. Tərcümə dəqiq və dolğun ifadəni sevir, bir dildən başqa dilə ötürülən fikri, ifadəni, sözü tərcümə edilən dilin bütün normalarına uyğunlaşdırmaq tərcümənin nə qədər çətin proses olduğunu göstərir.

Azərbaycan dilindən ingilis dilinə tərcümə hər iki xalqın və ölkələrin tarixi inkişafında, mədəniyyətlərin və dillərin tərəq­qi­sində həmişə vacib rol oynamışdır. Bizim əsrdə də tərcümə xidmətlərindən istifadə olu­nur və bu gün tərcümə demək olar ki, insanları, onların mədəniyyətlərini, iqtisadi və so­sial həyat­larını yaxın­laş­dı­ran dil ünsiyyəti vasitələrindən biri kimi daha önəmli olmuşdur. Tərcümə həm də ölkələr və dövlətlər arasında beynəlxalq əməkdaşlıq vasitəsi kimi çıxış edir.

Qeyd etdiyimz kimi, tərcümə fəaliyyəti xüsusilə ötən əsrin sonlarında və iyirmi birinci əsrin əvvəllərində dünyada baş verən ictimai-siyasi dəyişikliklərdən sonra daha da aktuallaş­mış, ona qarşı tələbat çoxalmışdır. Elmi-texniki tərəqqinin həyatın müxtəlif sahələrinə güclü təsir etdiyi bir dövrdə elm, mədəniyyət, texnika sahəsində beynəlxalq əməkdaşlıq da güclən­mişdir, dünyada baş verən misilsiz dəyişikliklər ölkələr və yeni dövlətlər arasında görünmə­miş əlaqələrin, müxtəlif dilli cəmiyyət və xalqların bir-biri ilə münasibətlərinin inkişafına güclü təkan vermişdir. Belə bir şəraitdə tərcümənin rolunun artmasını görməmək mümkün deyil. Məhz bu baxımdan tərcümə xalqların və dövlətlərin iqtisadi, siyasi-ictimai, elmi, mədəni-kütləvi və s. münasibətlərinin tərəqqisinə xidmət göstərən bir vasitəyə çevrilmişdir.

Dilşünas alim A.V.Fyodrovun fikrincə, tərcümənin məqsədi xarici dili bilməyən oxucuya, dinləyiciyə rast gəldiyi mətnlərdə, şifahi nitqdə başa düşmədiyi söz və ifadələri izah etmək, onları yaxından tanış etməkdir.

Digər dilşünas alim Y.İ.Reçket tərcüməyə aşağıdakı kimi tərif vermişdir: «Tərcümə məzmun və üslubu saxlamaqla əslində dəqiq və düzgün verilməsidir. Bununla da tərcümə ilə nəql bir-birindən fərqlənir. Məzmun və üslubun tərcümə olunan dilin əsasında qorunub saxlanması tərcümə üçün ən vacib amildir».

Məşhur tərcüməçi A.D.Şveytser tərcüməni dillər və mədəniyyətlər arasındakı kommuni­kasiyada bir istiqamətli və ikifazalı proses adlandırır və bu prosesdə tərcümə nəticəsində ilkin mətndən ikinci mətn doğulur. Həmin ikinci mətn birinci mətni və yaxud sözü əvəz edir. Belə ümumiləşdirici fikir vardır: tərcümə eyni dildə danışmayan insanlar arasında ünsiyyət yarat­maq tələbatından doğur. Deyilənləri ümumiləşdirsək, tərcümənin kompleks proses olması qənaətinə gəlmiş olarıq.

Bizim fikrimizcə, Azərbaycan dilindən ingilis dilinə tərcümə zamanı əsildə (ori­jinalda) olan fikrin düzgün və dəqiq verilməsi və ya ötürül­məsi zamanı təkcə sözün və ya ifadənin qarşılıqlı variantını tapmaq kifayət deyildir. Burada tərcüməçi həm də həmin söz və ifadələrin qrammatik, orfoqrafik, fonetik, qrafik, leksik-semantik əlamətlərinə diqqət yetirməli, mənbə dilin üslubi xüsusiyyətlərini də nəzərə almalıdır. Tərcümə dəqiq və dolğun ifadəni sevir, bir dildən başqa dilə ötürülən fikri, ifadəni, sözü tərcümə edilən dilin bütün normalarına uyğunlaşdırmaq tərcümənin nə qədər çətin proses olduğunu göstərir.

Azərbaycan dilinə tərcüməyə bu qəbildən yanaşsaq, son illər mətbuat dilində yer alan çoxsaylı yeni termin-söz və ifadələrin mənimsənilməsi və alınması prosesində, onların yeni məna çalarlarının meydana çıxmasında tərcümənin birbaşa rolu var və məhz buna görə də tədqiqat işində tərcüməyə üstünlük verilmişdir.

Azərbaycan dilinə tərcümənin xüsusi təbiətini və onun sosial tələbatı ödəmə qabiliyyətini nəzərə alsaq, deyə bilərik ki, tərcümə təkcə tərcüməçi vasitəsilə dil-etnik maneələrinə malik insanlar arasında ünsiyyət deyil. Çoxdilliliyi, müxtəlif dil maneələrini aradan qaldıran vasitələr də vardır. Tərcüməsiz müxtəlif ünsiyyət vasitələri mövcuddur. Məsələn: təbii işarələr və rəmzlər. İdman meydançalarında hakimlərin işarələri, beynəlxalq danışıq kodları, beynəlxalq yol nişanları, riyazi, kimyəvi və s. formullar, qəbul olunmuş bey­nəl­xalq rəmzlər (məsələn: no smiking – papiros çəkmək olmaz; entrance – giriş; exit – çıxış; metro –yeraltı qatar və s.) dil vasitəçisi tələb etmir və onların tətbiq sahəsi çox dardır. Bu rəmzlər ikitərəfli, canlı məlumat mübadiləsi üçün son dərəcə məhdud imkanlar yaradır.

Lakin tərcümənin ictimai təyinatı, obyektiv olaraq mövcuddur, yəni tərcüməçinin arzu və istəyindən asılı olmayaraq mövcuddur. O, sifarişçi və istehlakçı istəyindən asılı deyildir. Tərcümə ictimai şüurda elə bir formada «yurd» salmışdır ki, cəmiyyət onun necə olması, hansı səviyyədə olması barədə təsəvvürlər toplusuna malikdir.

Tərcümə təcrübəsi dəfələrlə sübut etmişdir ki, onun məzmunu və xarak­terin­dən asılı olmayaraq, istənilən elmi-texniki ədəbiyyatın bir dildən başqa dilə də­qiq­liklə tərcümə etmək mümkündür. Tam tərcümə dəqiqliyinə nail olmaq üçün tərcü­mə­çi qarşısında aşağıdakı tələbləri qoymalıdır:

- orjinal mətndə bəhs olunan fikir və mövzu ilə ətraflı tanışlıq;

- ana dili ilə müqayisədə orjinalın dilinə, onun leksik-qrammatik xüsusiy­yət­lə­ri­nə kifayət qədər yaxşı bələd olmaq;

- tərcümə nəzəriyyəsinin əsaslarına, tərcümə texnikasına yaxşı bələd olmaq və onlardan istifadə etmək bacarığına malik olmaq;
  • həm xarici, həm də ana dilində elmi-texniki funksional üslubun xarakter və əlaməti haqda tam təsəvvürə malik olmaq;
  • həm xarici, həm də ana dilində qəbul olunmuş şərti işarələrlə, ixtisarlarla, ölçü və çəki vahidləri ilə və s. yaxından tanış olmaq;
  • ana dilini yaxşı bilmək və terminlərdən düzgün istifadə etmək.



ƏDƏBİYYAT
  1. Левенталь В.И., Английский язык: Просто о сложном, М., Лайда, 1991, 228 с.
  2. Миньяр-Белоручев Н.Н. Теория перевода. М., 1984, 198 с.
  3. Швейцер А.Д. Теория перевода, Статус, проблемы, аспекты. М., Наука, 1988, 376 с.
  4. Wuster E. Bibliography of Monolingual Scientific and Technical Glossaries. Paris, UNESSO, 1959, 462 p.
  5. Bank və maliyyə terminləri izahlı lüğəti (Məmmədov N., Hüseynov Z.). Bakı, Azərbaycan Ensiklopediyası nəşriyyat-poliqrafiya birliyi, 1996, 360 c.